AZƏRBAYCANIN DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNİN SƏDRİ NÜMAYƏNDƏ HEYƏTİ İLƏ BİRLİKDƏ TBİLİSİ CÜMƏ MƏSCİDİNDƏ OLUB

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfər çərçivəsində Tbilisidəki Cümə məscidində olub.
Mübariz Qurbanlı, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və nümayəndə heyətinin üzvləri Gürcüstan Müsəlmanlar İdarəsinin şeyxi və müftiləri ilə görüşüb, onlara məscidə “Qurani-Kərim” və digər dini kitablar hədiyyə ediblər.
Görüşdə Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətləri, ikitərəfli əlaqələrin inkişaf perspektivləri, bu sahədə dini qurumların rolu və sair məsələlər diqqət mərkəzində olub.
GMİ-nin şeyxi hacı Ramin İgidov Gürcüstanda dini qurumların, xüsusən də islam dini icmasının fəaliyyəti barədə ətraflı məlumat verib.
Mübariz Qurbanlı deyib ki, Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərir. İslam dini icması da bu qayğıdan kənarda qalmayıb.
Görüşdə hər iki ölkədə mövcud olan dini dözümlülük, tolerantlıq dəyərlərinin qorunması, zərərli dini meyillərə, separatçı qüvvələrə qarşı birgə mübarizə və sair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
advanced divider