İMAM RZA (Ə) ADINA MƏSCİDDƏ İMAM RZANIN (Ə) MÖVLUDU MÜNASİBƏTİ İLƏ TƏDBİR KEÇİRİLİB

Bu gün Marneulinin Ağaməmmədli kəndində İmam Rzanın (ə) təvəllüdü münasibəti ilə bayram tədbir keçirilib.
İmam Rza (ə) adına məscidin mərasim salonunda təşkil olunan tədbirdə yerli kənd sakinləri ilə yanaşı din, elm və ictimaiyyət xadimləri və ətraf kəndlərdən dəvət olunan möminlər iştirak edib.
Məscidin axundu Kərbəlayi Çingizin aparıcılığı və giriş sözü ilə keçirilən mərasim Məşədi Nazim Hüseynovun Qurani-Kərimdən bir neçə ayəni tilavət etməsi ilə başlayıb.
Mərasimdə Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov, Qafqaz Müsəlmanları İdarəsinin təmsilçisi Hacı Əli Əliyev, Gürcüstan ruhanilərindən Hacı Əziz Nəbiyev, Hacı Rasim Məmmədov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusibov və Əlmustafa Təhsil Mərkəzinin sədri Hacı Həsən Yusifzadə və başqaları çıxış üçün kürsüyə dəvət olunublar.
Çıxış edənlər öncə əziz gün münasibəti ilə məclis iştirakçılarını təbrik ediblər. Sonra imamət səmasının 8-ci parlaq ulduzu İmam Rzanın (ə) həyatından və kəlamlarından örnəklər söyləyərək Əhli-beyt imamlarının bəşəriyyətə nümunə olduqlarını və müsəlmanların üzərində olan haqları haqqında danışıblar. Belə mərasimləri keçirməklə Hz. Peyğəmbər (s) və ailəsini yad etmənin məqsəd, fəlsəfə və fəzilətlərindən söz açıblar.
Tədbir boyunca Əhlibeyt məddahı Səid Həsən mədhiyyə və ilahilər ifa edərək məclisə xoş və mənəvi abu-həva bəxş edib.
Tədbirin sonunda adları Əli, Rza, Fatimə və Məsumə olan uşaqlara və həmçinin son kitab yarışının qaliblərinə hədiyyələr təqdim olunub. Sonda tədbir iştirakçılarına şirniyyat süfrəsi açılıb.
advanced divider