HZ. İMAM RZANIN (Ə) TƏVƏLLÜDÜ MÜBARƏK!

Əhli-beytin (ə) səkkizinci günəşi olan İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zilqədə ayının 11-də Mədinə şəhərində dünyaya gəlmişdir. Həzrətin adı Əli, ləqəbi Rza, kunyəsi Əbul-Həsəndir. Atası İmam Kazım (ə), anası isə Nəcmə xanım olmuşdur ki, ona Ummul-bənin deyə müraciət edərdilər. İmam Rza (ə) atasının şəhadətindən sonra 35 yaşında ikən İmamətlik məqamına çatır. İslam ümmətinin rəhbərliyini öhdəsinə götürür. Həzrət (ə) 55 yaşında lənətlik Məmun tərəfindən zəhərləndirilib, şəhadətə yetişir.
İmam Rza (ə) öz zəmanəsinin ən fəzilətli, ən abid və ən alim insanı olmuşdur. Bütün ali insani sifətlərə və kamallara malik idi. Rica ibni Əbi Zəhak deyir: . Həmin şəxs nəql edir ki, İmam Rza (ə) yatağına getməzdən əvvəl Quran oxuyardı və nə zaman behiştlə cəhənnəm sözünə çatardı, ağlayardı. Allahdan behişt istəyər və cəhənnəmdən Ona pənah aparardı.
İmamın (ə) nəzərinə görə zahid o şəxsdir ki, dünyaya olan meyli, onun Allahdan qəflət bəsləməsinə səbəb olmaz, onu haqq yolundan azdırmaz. Ona görə də halal İlahi nemətlərdən düzgün şəkildə bəhrələnməyin zahidliklə heç bir ziddiyyəti yoxdur. İbni Əbad nəql edir ki, İmam Rza (ə) yayda həsirin üzərində, qışda palazın üzərində əyləşər, sadə və parçası sərt olan paltar geyinərdi. Nə zaman insanların arasına getsə idi, geyiminin səliqəli və gözəl olmasına xüsusi diqqət edərdi.
İmamın (ə) xoş rəftarlı olması bütün insanların dilində əzbər idi. O, bütün insanlara hörmət edərdi. İnsanları alçaltmaqdan həmişə çəkinərdi. O, müsəlmanlara öyrədərdi ki, bir insanın şərafətli olması o demək deyildir ki, başqalarını həqir görsün və təhqir etsin. İnsanın izzəti ondadır ki, başqalarının abrını qorusun və insanların şəxsiyyətini alçalda bilən əməldən çəkinsin.
Bəli, İmam Rza (ə) öz elmi səviyyəsi, əxlaqı, danışığı və rəftarı ilə hamını özünə heyran etmişdi. Hətta o dövrün şairləri belə bunu etiraf edir və şeirlərində bəyan edirdilər. Bu şairlərdən biri də Əbu Nəvas idi. O, bir gün İmamı (ə) görür və ondan icazə alır ki, şeir desin. İmam (ə) da ona icazə verir. O, öz şeirində İmamın (ə) məqamını və nəslini mədh edir, onu yaranmışların ən üstünü adlandırır.
Salam olsun sənə, ey İmam Rza!
Salam olsun sənə, ey Məşhədin sönməz ulduzu!
Salam olsun sənə, ey Əbül-Həsən!
advanced divider