NƏ ÜÇÜN DİNİ MƏRASİMLƏR KEÇİRİLİR?

Bu gün bizim cəmiyyətdə ünvanlanan suallardan biri də məhz dini mərasimlərin keçirilməsi ilə bağlıdır. Məzhəbindən aslı olmayaraq günümüzün insanları Qurban və Ramazan bayramlarından əlavə, Peyğəmbər (s) və Əhlibeytinin (ə) təvəllüd günlərini və eləcə də şəhid olduqları günləri qeyd etməyin mahiyyəti və faydası haqda maraqlanırlar.
Lakin burada təəssüf olunası məqam budur ki, bəzən belə mərasimlərin mahiyyəti və faydası barədə maraqlanan insanlara bizim cavabımız yalnız bu mərasimləri keçirmənin fəziləti barədə olan hədisləri səsləndirməkdən və ya tövsiyələrdən ibarət olur. Düşünürəm ki, bu günlərin yad olunması barədə dinimizdə vəd olunan savablar və mərasimləri keçirmənin fəziləti haqda olan hədislər bu sualın yetərli cavabı olmur.
Bu gün bu mərasimlərin qeyd olunmasının mahiyyəti və faydası barədə məlumata və maarifləndirməyə ehtiyac vardır.
Burada belə mərasimlərin qeyd olunaraq yad edilməsinin məqsəd, mahiyyət və faydalarının izahı üçün bir neçə aspektdən nəzər salmağı düşünürəm:
1. Dini və mənəvi aspekt
Mərasimləri keçirmək ilahi bir tapşırıqdır. Necə ki, Qurani-Kərimdə oxuyuruq:
“… Allahın) günlərini xatırlat. Bunda çox səbr və şükür edənlər üçün, sözsüz ki, neçə-neçə ibrətlər var!” (İbrahim,5)
Bütün zamanlar Allaha məxsus olsa da bu ayədə Allahın xüsusi günlərindən məqsəd o günlərdir ki, onda mühüm hadisələr baş vermişdir. Allah və elçisi yada düşmüş, xatırlanmışdır.
Həmçinin Peyğəmbərimizn (s) risaləti qarşısında Onun (s) əhlibeyt üzvlərinə sevgi və rəğbət göstərmək də Qurani-Kərimdə qeyd olunubdur:
“…(Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində əhli-beytə sevgidən başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabının (mükafatını) artırarıq!”.
Hədislərdə də bizə çatdırılıb ki, sevgi göstərdiklərimiz unudulmamalı, onların şad günündə şadlanmalı, kədərli günlərində də kədərilinməliyik. Demək, normal həyatda yaxınlarımız və dostlarımızla olduğu kimi Peyğəmbər və əhlibeytinin təvəllüd və şəhadət günlərini mərasim şəkilində keçirməklə onlara sevgi elan edilir, onların səf və sırasında olmağa çalışıldığı bildirilmiş olur.
Necə ki, Hz. İmam Əli (ə) bu haqda buyurur: “Bizim tərəfdarlarımız bizə dəstək olurlar. Sevincimizə sevinir, hüznlərimizə kədərlənirlər. Canları və malları ilə bizim üçün çalışarlar. Onlar bizdəndir, biz də onlarlayıq”. (Bəharul-ənvar, c.65, səh.18)
2. Təlim və tərbiyə aspekti
Peyğəmbər və əhlibeytini yaşatmaq və anmaq məqsədi ilə mərasimlərini keçirmənin təlim və tərbiyə baxımından da çox faydası vardır:
a) Dini önəmli şəxsiyyətlərimizn cəmiyyətin yaddaşında daim yaşaması üçün.
b) Dinimizin və Qurani-Kərimin düzgün anlamı yönündə Peyğəmbər və əhlibeytinin fikirlərini öyrənmək və kəlamlarından ibrət alınmaq baxımından.
c) Canlı islam və Quran olan bu şəxslərin sirə və həyat tərzlərinin insanlara örnək kimi tanıtdırılması üçün.
d) Onların Allah və dinimizin yaşaması üçün mübarizələri, amal və məqsədlərinin cəmiyyətdə qorunması və yaşadılmasından ötrü.
Bəzən hadisələr onda olan ibrət və dərslərdən dolayı bir məktəbə çevrilir. Məktəb də yaşamağı labüd edir. Hadisənin qəhramanlarının kimliyi və qoyduğu əsərin dəyər və əzəməti də onun zaman və məkan məhdudiyyətindən xaric edərək əbədiləşdirir.
Biz Peyğəmbər və əhlibeytin kiçik yaşlarından həyat və davranışlarından elm, ədalət, fədakarlıq, səbr, iradə, ixlas, şücaət, qeyrət, ədalət və s. kimi dini və insani dəyərlər öyrənirik.
Bu mərasimlər qeyd olunmaqla insanların qəlblərindəki haqqa olan məhəbbəti və batilə olan nifrəti daha da qətiləşmiş olur.
Bu mərasimlər insanların nəzərində Peyğəmbər (s) və əhlibeytinin (ə) yol və məqsədini canlandırır. Bu canlanma əslində həmin ali məqsədlərə tərəf bir təşviqatdır. Onların hədəfi ümmətin islah olunması, həqiqi İslamın qorunması, batilin həqiqi kimliyinin üzə çıxarılması, batilin necə çirkin bir mövqe olduğunun sübut olunmasıdır.
Belə mərasimlər bizə Allahın qüdrətinə, izzətinə, əzəmətinə sığınaraq, ixlaslı bir niyyətlə və Allah övliyasının əlindən tutaraq hansı ali insaniyyət məqamlarını fəth etməyin mümkünlüyünü əyani olaraq anlatmış olur.
3. Tarixin yaşadılması aspekti
Tarixdə mühüm şəxsləri yaşadan onların etdikləri, bəşəriyyətə töhfələr verdiyi əsərləri, ixtira və kəşfləridir. Buna görə də onları yaşatmaq onların yolunun və sahəsinin yaşamasına gətirib çıxarır. Məsələn, nə qədər ki, Azərbaycan dövləti var, Nizami Gəncəvi, Fizuli, Mirzə Ələkbər Sabir və s. xatırlanmalı, anılmalıdır. Çünki onları yaşatmaq əslində Azərbaycan klassik ədəbiyyatını yaşatmağa xidmət edir. Eləcə də, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlər unudulmamalıdır. Məlum olduğu kimi, Azərbaycan xalqının azad, suveren və rifah içində yaşamasında onların fədakarlığı olub.
Tarixdə hər hansı hadisənin bir daha baş verməməsi üçün hadisəni törədən səbəblərin daim diqqət mərkəzində saxlanılması üçün də gələcək nəsillərə dərsliklərdə qeyd etməklə, tədbirlər və konfranslar keçirməklə yaşatmaq lazımdır. Çünki tarixdən dərs almamaq bir daha yaşamasına şərait yaradar. Bir də ki, o şəxsiyyətləri yaşatmaq elə bizim həyat tapmamız, insanlıq və dəyərlərimizin inkişfı üçündür.
Qurani Kərimin bəzi hissələrində, Allah bizə ilahi şəxsiyyətləri yad edib, xatırlamağı tövsiyə edir. “Məryəm” surəsində (ayə 41) buyurulur: “Bu kitabda İbrahimi də yad et, o, çox düzdanışan şəxs və Allahın peyğəmbəri idi.” Sonra onun büt və bütpərəstliklə ciddi və barışmaz mübarizəsi bəyan olunur. Digər bir ayədə, (Məryəm surəsi 56-57) buyurulur: “Kitabda (Quranda) İdrisi yad et; o, çox düz danışan və (böyük) peyğəmbər idi, Biz onu yüksək məqama çatdırdıq.” Bunun ardınca ilahi nemətlərdən bəhrələnən sair peyğəmbərlərin adı çəkilir. Başqa bir ayədə isə (Sad surəsi 41-43) buyurulur: “Bizim bəndəmiz Əyyubu xatırla, o zaman ki, Rəbbini çağırdı (və dedi:) “Pərvərdigara! Şeytan məni əzab-əziyyətə salmışdır.” (Ona dedik:) “Ayağını yerə vur, sənin üçün içmək və yuyunmaq üçün sərin su çıxar.” Ailəsini də ona bağışladıq və onun mislini ona əlavə etdik ki, Bizim tərəfimizdən bir rəhmət, düşüncə sahibləri üçün bir xatırlatma olsun.”
Gördüyümüz ki, müqəddəs Qurani Kərim bizə ilahi şəxsiyyətləri xatırlamağı tövsiyə edir. Çünkü onlardan ibrət almaq, başlarına gələnləri eşidərək, düşünmək üçün onları xatırlamağa ehtiyac vardır. Belə görkəmli və tarixi şəxsiyyətlərin xatirəsi əziz saxlanılmalı, onların gözəl məram və bəyanları, əxlaqi səciyyəli xüsusiyyətləri, ictimai mövqeləri daima diqqət mərkəzində olmalıdır.
Sonda çox təəssüflə qeyd olunmalı məqam budur ki, əsrlərdir dünyada kifayət qədər Peyğəmbər və imamların, ziyarətinin, onlara həsr olunan mərasimlərin və əzadarlığının əleyhinə istər fiziki, istər hüquqi və istərsə də ideoloji mübarizə aparılmaqdadır. Bəziləri bu şəxsiyyətləri və hadisəni xatırlamağı bidət və lazımsız hadisə kimi təqdim edərək, insanları bu mərasimlərdən soyutmağa çalışır. Bu keçmişdə də olub, bu gün də davam etməkdədir.
Ancaq narahat olmağa dəyməz. Onların ədalətsiz saldırılarına baxmayaraq bu faydalı ən-ənə keçmişdən bu günümüzə gəlibsə, demək ki, heç nəyə nail ola bilməmişlər. Olmayacaqlar da. Çünki şəxsiyyətləri yaşadan da elə Yaradan özüdür.
Hacı Ramin İgidov
advanced divider