UNUDULAN İNSANLIQ, UNUTDURULAN İNSANLAR

Son illərdə dəfələrlə Əfqanıstan və Pakistanda ibadət zamanı Allah evi olan məscidlərdə Allah bəndələrinə qarşı amansız vəhşiliyin şahidi oluruq.
Təəssüflə məkan eyni, terrorçular da özlərini eyni dinin mənsubu kimi qələmə verənlərdi (həqiqətdə isə Rəhman Allaha deyil insanlığa düşmənçilik andı içən şeytanın tərəfdarları olanlar). Özlərini Peyğəmbərimizin yol və sünnəsindən bilsələr də heç bir aidiyyatı olmayanlar.
Təəssüflə seçib partlayış etdikləri məscidlər də eyni İslam dininin ardıclıları, sadəcə müəyyən ideoloji və fiqhi məsələlərdə o məxluqlardan fərqli düşünənlər – Əhlibeyt tərəfdarları olan şiələrdir. Məscidlərdəki partlayışlarda yüzlərlə cavan, qadın, yaşlı və körpə terrorun qurbanı olurlar. Sanki Aşuralar yaşanır, Kərbəlalar təkrarlanır….
Allah millətindən, dinindən, rəngindən və irqindən aslı olmayaraq, hər hansı məqsədlər üçün (milli, irqi, siyasi, iqtisadi, dini və məzhəbçilik) terror hadisələri törədənlərə, onları dəstəkləyənlərə və hətta haqq qazandıranlara lənət etsin.
Bir də ona təəssüf edirəm ki, qardaş məzhəbin bir çox dini rəhbərlərindən, müfti və ruhanilərindən, insanların və hətta heyvanların hüququndan dəm vuran şəxs və təşkilatlardan bir dəfə də olsun qınama görmədik. Təbii ki, günahsız insan ölümlərinə heç kim haqq qazandırmaz . Ancaq iki kəlimə münasibət bildirmək bizim İslamı və insani borcumuz deyilmi? Ən azından terrora qarşı həmrəy olmaq və belə vəhşi əməllərin İslamdankənar olduğunu söyləmək gərək deyilmi? Axı biz qərbdə qeyri müsəlmanlar tərəfindən məscidmizə, müsəlmanlara və hətta Qurana qarşı hörmətsizliyə birgə təpkilər verə bilirik.
(Xatırladaq ki, ötən gün günorta namazı vaxtı bir daha Pakistanın Peşavar şəhərindəki bir məsciddə insanlar ibadət edərkən, törədilən partlayış nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb. Hücum nəticəsində 200-dən çox insan yaralanıb). Allah şəhidlərə rəhmət, yaralılara şəfa nəsib etsin. Amin!
advanced divider