GÜNDƏMİN AĞRILI MÖVZUSU: QADIN QƏTLLƏRİ VƏ İSLAM DİNİNDƏ QADIN HAQQINDA BİR NEÇƏ CÜMLƏ

Bir neçə gün öncə Saqareco bələdiyyəsinin Ləmbəli kəndində qeyri-rəsmi nikahda (məlumata görə hətda zorla) olduğu həyat yoldaşı tərəfindən qətlə yetirilən 14 yaşlı qızın ölümü hamımızın kədərinə və dərin hüznünə səbəb oldu. Hər kəs kimi biz də bu ürəkağrıdıcı dəhşətli hadisəni qətiyyətlə qınadıq! Allah mərhumə bacımıza rəhmət etsin!
Məlum olduğu kimi belə hadisələrin təkrarlanmaması üçün hüquq mühafizə orqanlarının üzərinə böyük məsuliyyət düşür. Cinayətkar sərt cəzalanmalıdır. Eyni zamanda cəmiyyətimiz də belə acı hadisələrdən dərs çıxarmalı, təkrarlanmaması üçün hər kəs üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir.
Hər bir vətəndaş ölkə qanuna hər sahədə olduğu kimi nigah haqda olan qanunlara da tabe olmaq məcburiyyətindədir!
Təəssüflər olsun ki, inkişaf etmiş dünyamızda hələ də bir sıra mütəxəssislərin gəldikləri qənaətə görə, qadınların 60 faizi öz ailələri tərəfindən zorakılığa məruz qalır.
Qadınlara qarşı zorakılıq problemi müxtəlif vəziyyətlərdə demək olar ki, dünyanın bütün ölkələrində mövcuddur. Təəssüf ki, bütün dövrlərdə qadınlar fiziki, psixoloji, iqtisadi, seksual, hüquqi zorakılığa məruz qalır. Zorakılıqların adət-ənənə, psixoloji çatışmamazlıq, iqtisadi və s. səbəbləri var. Yəqin ki, əsas səbəblərdən biri də problemə dövlət və ictimaiyyət tərəfindən laqeyd münasibət və bəzən də qanunlardakı boşluqların olmasıdır.
Bəziləri öz zorakı cinayətinə və vandal-patriarxal mövqeyinə hətda dini don da geyindirir. Bütün bu xəstə beyin və ruhların əməlləri də İslamın adına yazılır.
Bu cür sui istifadə və cılız bəhanələrin qarşını almaq və İslamın qadın haqqındaki mövqeyi barədə yazmağa ehtiyac var.
Cünki İslam kişi və qadın… bütün mövzularda öz barışcıl və sərt mövqeyi olan bir din, sosial institutdur.
Və din təkcə ölümdən sonra yox, ölümdən əvvəl də həyat verdiyinə görə İlahidir, dəyərlidir.
Bu gün din o ölən Aytac bala kimi qızlarımızı xilas etməlidir, çünki;
* Qadın ilk öncə yaradılışda kişi ilə bərabər insandır:
Allah Qurani-Kərimdə buyurur: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır. (Hucurat,13)
Çünki;
* Qadın hamımızın anasıdır:
Qurani-Kərimdə valideyn olan Ana haqda oxuyuruq: “Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!”
Peyğəmbərimiz (s) buyurmuşudr: ““Ana-atanın üzünə sevgi ilə baxmaq ibadətdir.”
Çünki;
* Qadın həyat yoldaşıdır:
Allahu Təala Qurani Kərimdə də: “Kişilərin qadınlar üzərində haqları olduğu kimi, qadınların da kişilər üzərində haqları vardır” buyurmuşdur.
Əziz Peyğəmbərimiz kişiləri, qadınların haqq və hüquqlarını gözləməyə dəvət etmiş və bu mövzuda: “Qadınların haqlarını yerinə yetirməkdə Allahdan qorxun! Onlara qarşı yumuşaq olun, yaxşılıq edin Çünki siz onları Allahın bir əmanəti olaraq aldınız.” deyə buyurmuşdur.
Başqa hədisi şəriflərində də: “Sizin ən xeyirliniz, əhlinə (qadınına və övladlarına) ən xeyirli olanınızdır. Məndə əhlinə qarşı ən xeyirli olanınızam” “Ailəsinin hüququnu pozan şəxs Allahın rəhmətindən uzaqdır.” deyə buyurur.
Çünki;
*Qadın qız övladıdır.
Peyğəmbərimizin kəlamlarında qeyd olunub ki, “Evə daxil olanda birinci qız uşağı (bağrınıza basın) öpün, ona hədiyyə alın. Cənət qız tərbiyə edən valideyninə vacib olar”.
Övlad – hər bir valideyn üçün Allahın əta etdiyi nemətdir, istər qız olsun, istərsə də oğlan övladı. Ancaq dinimiz qız övladlarının tərbiyəsi ilə bağlı xüsusi tövsiyələr verir və bu zərif cinsə qarşı daha həssas olmağı göstəriş verir.
Çünki;
*Qadın bacıdır.
Tarixdə dini şəxsiyyətlərin bacısı ilə örnək rəftarlarını oxuyuruq. Hz. İmam Hüseynin bacısı Zeynəblə (s.ə) rəftarı, ona olan sevgisi nümunədir. Bacı yeri gələndə ana, həm də qayğıkeş qəmxar, vəfalı sirdaş olmaqla Allahın bəxş etdiyi dəyərli bir nemətdir.
Və s. və i.
Qadın haqqında yüzlərlə, minlərlə bu cür nümunələr İslam dinində vardır.
Və sağlam toplumu bu cür dəyərləri yayaraq və bu son gündəmdə olan kimi hadisələr baş verəndə İlahi mövqeləri də bildirərək qurmaq mümkündür.
Bir daha Allah gənc qızımıza rəhmət etsin!
Hacı Ramin İGİDOV
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi
advanced divider